İstiyrəm ki, yaxşı blogçu olum!
- Mənim bu blogu yaratmaqda məqsədim nədir?
- Blogun adı nə olsun?
- Blogda nə barədə və hansı mövzularda yazmalıyam?
- Blogda hansı zaman müddətində yazmalıyam?
Blog yaratmamışdan qabaq yuxarıda verilən suallara cavabların sayəsində sizə blogunuzun daha da effektli və maraqlı olması üçün kömək edəcəyik.

- İlk növbədə məqsədiniz virtual məkanda öz fikir, düşüncələrinizi və bölüşmək istədiklərinizi paylaşmaqdır. Bu vasitə ilə həm Azərbaycan internet məkanında səviyyəli, maraqlı sayt mənbəyinə çevrilmiş, həmçinin dilimizi zənginləşdirmiş olursunuz. Bildiyiniz kimi Azərbaycan dilli resurslar internet məkanında çox azdır və bizim bu blog sisteminin də məqsədi bu boşluğu aradan qaldırmaqdır.
- Blogun adı məsələsi ən həssas məsələlərdən biridir. Belə ki, blogun adı internet istifadəçilərini sizin saytı ziyarət etmək üçün vasitəçi rolunu oynayır. Blog adı cəzbedici olduqda bu sizin blogun çox ziyarət edilməsinə şərait yaradar.
- Ümumiyyətlə bloglarda əsasən qarışıq mövzu və materiallar yerləşdirilir. Blog bir növ virtual gündəlik olduğu üçün gündəlik baş verən hadisələrdən, öz başınıza gələn maraqlı məlumatlardan və s. Mövzulardan yazmaq mümkündür. Başqa saytlarda olmayan materialların yazılması, blogda dərc olunması isə blogunuzun digərlərindən fərqlənməsi də əsas amillərdən ola bilər.
- Blogun hansısa müəyyən zamanda yenilənməsinə ehtiyac yoxdur. Nə vaxt, nə zaman istəsəniz mümkündür. Fəqət blog tez-tez yeni materiallarla zəngin olarsa bu həm ziyarətçilərin çoxalmasına, həm də blogunuzun aktivliyinə təsir göstərmiş olar. Amma bir gün içərisində onlarla yazı yerləşdirmək də blogu gözdən sala bilər.
İndi isə blogunuzun seçici olması üçün müəyyən addımlar barədə bir neçə göstərişlər:
- Öz barənizdə qısa da olsa məlumat verin:
Anonim surətdə yazı yazmaq blogunuzu ziyarət edən istifadəçilər tərəfindən qeyri-ciddi olmanıza bais olar. Çünki sizin yazdıqlarınızı və yerləşdirdiklərinizi oxuyan blog ziyarətçisi normal olaraq bu yazıların sahibinin kim olduğunu bilmək istəyir. Öz barənizdə qısaca da olsa məlumat verməyiniz ziyarətçilər yanında etibarlı olmanıza da səbəb olar.
- Qısa və faydalı yazın:
virtual məkanda olan qaydalardan biri ilə sizləri taniş edək: uzun və faydasız yazılara vaxt sərf edib oxuyan insanlar çox azdır. İnternet istifadəçilərinin vaxtı internetdə az olduğu üçün normal olaraq uzun-uzadı yazılara vaxt ayırmaq onlara sərf etməz. Bunu nəzərə alaraq yazdıqlarınız qısa amma maraqlı olsa daha faydalı olar.
- Yazılarınızı müxtəlif mövzu və bölmələrdə yazın:
yazılar və materiallarınız üçün blogunuzda səliqəli şəkildə bölmələr tərtib edin. Yazılarınızın hamısını bir bölmədə yazmağınız blogunuzdan istifadə edən ziyarətçilərə çətinlik yaradar və blogun özündə də qarışıqlıq olar. Çalışın hər mövzu üçün ayrıca bölmə mövcud olsun və bu həm istifadəçilər üçün, həm də sizin üçün rahatlıq yaradar.
- Blogunuzun təmiz olmasına çalışın:
əgər eşitsəniz ki, evinizə kimsə qonaq gələcək o saat evinizin səliqəli və təmiz olmasına çalışarsınız ki, evinizə gələn qonaq yanında pis olmayasınız və yenidən bir də gələ bilsin. Blog da bir virtual evinizdir. Siz elə etməlisiniz ki, blogunuza bir dəfə gələn ziyarətçi mütəmadi olaraq sizin bloga gəlsin və zövq alsın. Bunun üçün yazdığınız yazıların formatına, ölçüsünə, rənginə fikir verin və qarışıq olmamasına çalışın. Yazıların hər şeyi eyni olsa daha səliqəli olar. Bloga şəkil yükləyərkən ölçüsünə fikir verin ki, blogun dizayn çərçivəsindən çıxmasın, çünki bu sizin blogun dizaynının pozulmasına səbəb olar.
- Blogunuzun əsas səhifəsini yüngül edin:
Yaxşı olar ki, uzun yazıları, video faylları əsas səhifədə deyil, “davamı” sözü yazılaraq ikinci səhifədə yerləşdirəsiniz. Əsas səhifədə yazılacaq yazı və ya material haqqında qısaca 4-5 cümləlik məlumat olsa daha məqsədəuyğundur.
- Müəllif huquqlarına hörmət etmək:
əgər yazılarınızda bir məqalə, xəbər, şəkil və s. istifadə edirsinizsə çalışın ki, həmin materialların sahibinin adını və ya hansı saytdan istifadə etmisinizsə həmin saytın ünvanını qeyd edəsiniz.
